Fındıq ağacı ölkəmizdə geniş yayılmış çoxillik bitkilərdən biridir. Onun meyvəsi yüksək qida dəyərinə malik olmaqla yanaşı, insan sağlamlığı üçün də faydalıdır. Eyni zamanda fındıq sənayedə geniş istifadə olunduğu üçün həm yerli, həm də beynəlxalq bazarda gəlirli məəhsullardan hesab olunur. Keyfiyyətli və bol məhsul əldə etmək üçün isə fermerlər bir sıra vacib məqamlara diqqət yetirməlidirlər.
Fındıq yetişdirilməsi prosesi ting seçimi ilə başlayır və torpağın hazırlanması, əkin, suvarma, gübrələmə, bitki mühafizəsi və məhsul yığımına qədər davam edir.
Fındıq bitkisi toxum, kök pöhrələri, calaq və daldırma üsulları ilə çoxaldıla bilər. Praktikada ən çox kök pöhrələri və daldırma üsulu istifadə olunur. Pöhrələr köklü şəkildə ayrılaraq ting kimi əkilir. Əkin əsasən payız aylarında (oktyabr - noyabr) soyuq bölgələrdə isə yazda (mart - aprel) aparılır.
Əkin öncəsi torpaq dərin şəkildə şumlanmalı, üzvi gübrələrlə zənginləşdirilməli və alaq otlarından təmizlənməlidir. Tinglər üçün 60x60 sm ölçüdə çuxurlar hazırlanır və bitki torpaq səviyyəsində yerləşdirilir. Əkindən sonra bol suvarma aparılması kök inkişafını sürətləndirir. Tinglər arasında 4-6 metr məsafə saxlanması ağacın normal inkişafı və rahat məhsul yığımı üçün vacibdir. Son mərhələdə bitkilər zərərvericilərə qarşı qorunmalıdır.
Fındıq əsasən mülayim və rütubətli iqlimdə yaxşı inkişaf edir. Optimal temperatur 13-16°C aralığında olmalıdır. İllik yağıntının kifayət qədər və bərabər paylanması vacibdir. Bitki qışda çiçəkləndiyi üçün bu dövrdə aşağı temperatur vacib rol oynayır. Yaya aylarında isə rütubətin 60%-dən aşağı düşməməsi məhsuldarlığa müsbət təsir edir.
Fındıq üçün ən uyğun torpaqlar humusla zəngin, yaxşı su keçirən gilli və alluvial tarpaqlardır. Torpağın pH səviyyəsi 6-6,5 civarında olmalıdır. Turşuluq yüksək olduqda əhəngləmə aparılması tövsiyyə olunur.
Fındıq ağacı adətən 2-5 il ərzində məhsul verməyə başlayır. Tam məhsuldarlıq mərhələsinə isə 7-8 il ərzində çatır. Bu mərhələdən sonra aöaclar hər il stabil şəkildə məhsul verir.
Fındıq ağacının suya ehtiyacı xüsusilə çiçəkləmə və meyvə əmələgəlmə dövründə artır. Düzgün suvarma bitkini stresdən qoruyur və məhsul itkisini azaldır. Ən çox istifadə olunan üsullar damlama və çiləmə suvarmadır. Damlama üsulu suya qənaət edir, çiləmə isə torpağın bərabər nəmlənməsini təmin edir.
Suvarma zamanı istifadə olunan suyun təmiz və duzsuz olması vacibdir. Qumlu torpaqlarda suvarma daha tez-tez, lakin az miqdarda aparılmalıdır. İlk illərdə tinglər daha çox su tələb edir. Yay aylarında isə aöaclar adətən 7-10 gündən bir suvarılır.
Fındıq bağlarında düzgün qidalanma məhsuldarlığın əsas şərtlərindəndir. Bunun üçün əvvəlcə torpaq analizi aparılmalı və bitkinin ehtiyacları müəyyənləşdirilməlidir. Üzvi gübrələr (peyini, compost və s.) adətən 3-4 ildən bir tətbiq olunur.
Bundan əlavə azot, fosfor və kalium tərkibli gübrələr də məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Gübrələr əsasən yaz və payız aylarında verilir və kök zonasına yaxın tətbiq olunmalıdır. Normadan artıq və ya az gübrələmə məhsuldarlığa mənfi təsir edə bilər, buna görə aqronom məsləhəti almaq daha məqsədəuyğundur.
Fındıq yetişdirilməsi düzgün yanaşma tələb edən, lakin yüksək gəlir potensiali olan sahələrdən biridir. Əkin mərhələsindən başlayaraq suvarma, gübrələmə və bitkiyə qulluq qaydalarına riayət edildikdə, sağlam və bol məhsul əldə etmək mümkündür, Torpaq və iqlim şəraitinin düzgün seçilməsi, həmçinin vaxtında görülən aqrotexniki tədbirlər fındıq bağının uzunmüddətli və səmərəli fəaliyyətini təmin edir.